12.jpg
Karyera

GƏLƏCƏYİN 5 PARLAQ SAHƏSİ

Gələcəyin 5 parlaq sahəsi Günümüzdə artıq texnologiyanın hədsiz sürətli inkişafı bizi də öz axınına məruz qoymaqdadır.5 il bundan öncə təsəvvürü belə imkansız olan fikirlər bu gün artıq öz kapital qoyuluşlarını və investorlarını tapan layihələrə çevrilmiş, sürətli bir formada irəliləməkdə və həyatımıza inteqrasiya olmaqdadır. Bu da öz növbəsində dünyanın ictimai quruluşunda artıq yeni bir forma yaratmağa başlayır. Süni intellekt və bənzər texnoloji yeniliklər bir sıra sahələrdə insan ehtiyacını aradan qaldırdığı kimi, özü ilə də yeni sahələr gətirməyə davam edir. Bu sahələr yenilikçiliyi ilə yanaşı həm də gətirdiyi qazanclar ilə də diqqət cəlb edirlər: 1-Ağıllı Şəhər/Ağıllı evlər memarı/eksperti Nədir bu Ağıllı şəhər və evlər? İnsanların gündəlik həyatlarını sərf etdiyi, zamanlarını keçirdiyi mühitin daha ağıllı formasını düşünək. Soyuq qış günündə uzun və yorucu iş gününün ardıdan evə gəldiyinizi fərz edin. Bir anda evin soyuq olduğunu və isinməsinin də zaman aldığını düşünün. Bu kefimizi pozmaq üçün yetərli bir səbəbdir, elə deyilmi?! Ağıllı ev isə tam da bu əsnada bizim yardımımıza yetişir. Bu fikir ağlımıza ilk gəldiyi anda kondisionerə uzaqdan əmr verməklə evin temperaturunu əvvəlki halına döndərmək və üstəlik bunu sizin birbaşa müdaxiləniz olmadan etmək olacaqdır. Başqa bir misal daha: Ağıllı evin ən önəmli komponentlərindən biri ağıllı soyuducu. Bu soyuducuların sahib olduğu alqoritm belədir: Daxilində yerləşən ərzaqların yoxlanışını et, əksik məhsullar barədə siyahı tərtib et, bu siyahıdakı məhsulları istifadə sıxlığına görə sırala, siyahının filtrasiyasını həyata keçir və bu barədə ən yaxın marketdən sifarişləri ver. Və daha nələr-nələr! Bütün bunlar insan həyatını daha səmərəli hala gətirdiyi kimi özü ilə bir sıra dezavantajları da gətirməkdədir. Belə ki kiberhücumlara qarşı zəif olan istənilən ev sistemi insan həyatı üçün tam mənası ilə bir təhlükə və ölüm mənbəyinə çevrilə bilər. Ağıllı evin idarəsi kənar müdaxilələrə məruz qaldıqda qapı girişindən mikrodalğalı sobaya qədər bütün vasitələr bizlərin əleyhinə çalışa bilər. Bu tip evlərin memar və dizaynerlərinin işləri də bütün bu komponentləri və onların problemsiz əməliyyatı yerinə yetirməsini təmin etməkdir. 2-Mobil Proqram və Oyun Tərtibatçı Qoyulan investisiyaların və istifadəçi sayının da kəskin bir formada artdığı hər keçən ildə bu iki sahədəki işçi sayında da mütənasib artım müşahidə olunur. Günümüzdə insanlar həddindən çox mobil tətbiqlərə üstünlük verirlər. Ən son ilin statistikasına görə təqribən 6.3 milyarda qədər insan smartfon işlədir.[1] Bu eyni zamanda nə qədər çox tətbiqlərin də istifadə olunduğu haqqında məlumat verir. Bu qədər çox yüksək şəkildə istifadəsi isə ilk növbədə onların insanlara tanıdığı avantajlardır. Bunlardan birincisi, vaxtdır. Tətbiqlər bizim etməli olduğumuz işləri başqaları ilə əlaqələndirməni yerinə yetirməklə müəyyən məvacib qarşılığında başqalarına həyata keçirməsi üçün ötürən bir vasitəçidir. Bir digər sürətli inkişaf edən sahə olan oyun sənayesi sayəsində bir neçə il öncə sadəcə xəyal olan bir sıra texnika da artıq əksəriyyətin istifadə etdiyi bir hal almışdır. Məsələn, yüksək gerçəklikdə oyun daxilində olmaq: Virtual Reallıq (Virtual Reality) adlandırılan bu texnologiya sayəsində artıq oyunçuların 4 tərəfdən məhdud ekranın daxilinə sıxışmaq kimi bir məcburiyyəti yoxdur. Bu texnologiya tam mənası ilə sizə “oyunu yaşamaq” fürsəti verməkdədir. Ayrıca Virtual Reallığın gətirdiyi avantajlardan faydalanaraq ortaya çıxan mövhumlardan biri də “Metaverse”dir. Web 3.0 mühitinə aid olunan bu anlayış öz daxilində Virtual Reallığın yardımı ilə insanları üz-üzə iclaclarda, dərslərdə, hər hansı bir “virtual mağaza və ya küçə”də rastlaşdırmaq kimi bir funksiyaya malikdir. Mobil proqram və oyun tərtibaçısı irəliləyən 10 ildə ən çox tələb duyulan peşələrdən biri olaraq qalmağa davam edəcəkdir. Bunun əsas səbəbi oyunlara və bu tip proqram təminatları insanların irəliləyən zamanlarda ən çox istehlak etdiyi sahələrdən biri olaraq qalmağa davam edəcəkdir. Bu müddət ərzində isə mobil proqram və oyun tərtibatçıları əmək bazarında yüksək tələbatlılığı ilə fərqlənəcəkdir. Yüksək tələbatı yaradan tək faktor sadəcə bu da deyil. Bu tələbatı yaradan bir digər səbəb isə hər iki sektorun heç dayanmadan yeniliyə məruz qalması, daim yeni konseptlərin ortaya atılmasıdır: Mobil tətbiq sahəsində ən son konspetlərdən biri “superapp (supertətbiq)”lərin yaradılmasıdır. Bunun sayəsində şəxsi inkişafdan ödənişlərin olunmasına, sosial şəbəkə ehtiyacından geyimlərin alınması, yemək sifarişi və s. kimi funksiyalar bir tətbiq daxilində yer alacaq və insanlara xidmət göstərəcəkdir. Oyun sənayesində yeni konseptlər “insan fizikasının oyunların daxilinə tam inteqrasiyası”, “Metaverse” və s. dir. Bütün bunlar sayəsində sektor aktiv, işçilər isə yüksək tələb olunan statusunda qala bilir. 3-IoT(Internet of Things) Mütəxəssisi İnternetin ilk yarandığı zamanlara dönüş edək. Sadəcə məlumat ötürülməsi və hərbi bir sıra məqsədlərə xidmət etməsi üçün yaradılmışdı. Lakin sonradan bu hörümçək toru daha geişlənmək və dünyanı əhatə etmək qərarına gəldikdə hər kəsi həyəcanlandırmışdı. Hal-hazırda həyatımızın hər bir sferasına sıx-sıx hörülü olan bu tor getdikcə daha da inkişaf etməyə, tamamilə hər bir sahəyə inteqrasiya etmək fikrindədir. Əşyaların interneti mənasına gələn “IoT” niyə gələcəyin peşə sahəsidir və onu bu qədər müddətdə nə ayaqda tutacaq? Texnoloji adaptasiya ilə sürətli bir inkişafın görüldüyü günümüzdə internetin bu qədər təkmil olması anormal bir hal ola bilməzdi. “Bəs nədir bu IoT? “Internet of Things” olaraq da adlandırılan “Əşyaların interneti” bir-birindən ayrı və əlaqəsi olmayan əşyaların vahid bir şəbəkə üzərində bağlanması və onların səmərəli bir formada istifadə edilməsi mənasına gəlməkdədir. “IoT” texnologiyası bizlərə nə kimi avantajları vardır? Bu texnologiyanın tətbiq sahələri haralardır? Texnologiya adətən “Smart App”lara tətbiq olunur. Belə ki, ağıllı şəhər planlamaları, ağıllı mühit, ağıllı ev, tədarük tətbiqləri və s. bənzər sahələrə tətbiq oluna bilər. Tam olaraq “IoT” nə edir? Məsələn hər hansı bir IoT tətbiqinin ağıllı şəhər konspesiyasına inteqrasiyası üzərindən izah edək. Bu zaman bu tətbiq bir sıra ona məlumat olaraq daxil edilən faktorları sahib olduğu alqoritmlər sayəsində daim nəzarətdə və yoxlama halında tutar. Gün sonlarında bu alqoritm əldə olunan verilənləri yoxlamağa və nəticə əldə etməyə başlayacaqdır. Şəhər daxilində parklanma, işıqlandırılma, tullantılar və s. faktorların cari durumunu dəyərləndirəcəkdir. Niyə görə bu peşə irəliləyən 10 ilin parlaq peşələrindən biri hesab olunur? İlk öncə qeyd edilməlidir ki, bu peşə hələ də dünya miqyasında yetərli dəyər görməməkdədir. İlk zamanlarda – XX əsrin son 10 illiyində sadəcə 300.000 kimi az sayda qurğu bu texnologiyadan istifadə edərək bağlantı yaradırdısa, artıq XXI əsrin ikinci 10 illiyində bu say 9 milyard göstərməkdədir. [2] Bununla belə hər gün “IoT” texnologiyasının tətbiq olunduğu sahələr artır. Bu da bir peşə sahəsi kimi tərkibində onlarla, gələcəkdə yüzlər və minlərlə daha yeni - yeni konseptlərin yaranması və korporativ şirkətlərin daha bu ehtiyacın fərqinə yeni-yeni varması və s. kimi səbəblər bizə bunun qəti formada olacağını söyləməyə imkan verir. 4-Süni İntellekt Mütəxəssisi Maşın öyrənilməsi (Machine Learning) və Süni İntellekt (Artificial Intelligence) son illərdə yaratdığı xariqüladələr və bir daha dirçəlməyəcək üzrə batışa keçən peşə sahələri daha çox yaddaqalan olmuşdur. Bütün bunların səbəbi isə müəyyən hüdudların tanındığı və bu hüdudlardan kənar da heç bir əməliyyatın yerinə yetirilmədiyi alqoritmik robot və mexanizmlərdə bu sahənin tamamilə bir inqilab xarakteri daşıması olmuşdur. Süni İntellekt Mütəxəssislliyinin ən parlaq iş sahələrindən biri olmasının da mərkəzində bu inqilab durur. Nəyə görə inqilab? Süni İntellekt və Maşın öyrənməsindən öncə bütün mexanizmlər sadəcə onlara verilən müəyyən alqoritmlər sayəsində hərəkət edə bilirdi. Məsələn, maşınqayırma zavodunda olan mexaniki robotlar buna bir misaldır. “Beyin”ləri hüdudlu olaraq çalışmaqdadır. Çünki onların beyni sadəcə onlara verilən əmrlərdən ibarətdir. Amma maşın öyrənilməsi sadəcə maşınlara verilən alqoritmik əmrlərin müəyyən hüdudları yox idi. Burada artıq maşın özü ona verilən ilkin biliklərin təhlilindən yeni nəticələr ortaya çıxarır və ən əsası da bu nəticələrin hamısı tamamən maşının özünə xas olur. Maşın artıq fərqli situasiyalarla qarşılaşdıqda xəta və ya bənzər rejimlərə keçid etməyəcək, mövcud durumu təhlil edərək ona uyğun davranacaqdır. Bütün bu xariqüladələrin qaynağının gəldiyi peşə yaratdıqları dolayısı ilə uzun bir müddət – onların yaratdığı robotların onların da peşəsini əllərindən almadığı müddətcə əmək bazarında yüksək tələbatlılığı olan bir sahə kimi mövcud olacaqdır. 5-Geyilə bilən texnologiya dizayneri Bu texnologiya heç şübhəsiz mobil telefonlardan sonra ixtira olunmuş ən mühüm icadlardan biridir. Bəs geyilə bilən texnologiya özü nədir? Geyilə bilən texnologiyalar gündəlik bizimlə bir arada olan əşyalardır. Lakin normalın əksinə olaraq bunlar sadə əşyalar deyil. Məsələn ağıllı saat. İlk növbədə saatı öyrənmək məqsədilə istifadə olunan bu alət texnoloji “mutasiya”sından sonra sadəcə bununla qane olmayıb zənglərin idarəsi, nəbz və stress ölçümü, ürək döyüntüsünə nəzarət və s. kimi funksiyalarla zənginləşdirilərək geyinilə bilən bir texnologiya formasına çevrilmişdir. Bu texnologiya və sahə ilə əlaqəli peşə əmək bazarında nə qədər tələb görməkdədir? Hal-hazırda bu geyilə bilən texnologiyalar sırasından ən çox istifadə olunan vasitələrdən biri də ağıllı saatlardır. [4] Heç şübhəsiz dünyada brend olan markalar da ağıllı saatların istehsalına daha çox önəm verir. Bu ağıllı saatlar insanlarda nə kimi problemlərə yol açır? Dezavantajlar və bunların timsalında peşənin gələcək fəaliyyətinə olan təhdidlər: a) İnsanlarda bu texnologiya həqiqətən də diqqət dağınıqlığına səbəb olurmu? Bu texnologiyaların belə tipli təsirlərini görmək üçün onların bir tədris mühitində test edilməsi daha məqsədəuyğundur: Chen, Li, Chang, Tang, and Li (2016) tərəfindən aparılan araşdırmada böyüklərə taxıla bilən qolbaqlarla kompüterləri öyrənməyə kömək etmək məqsəd qoyulmuşdur. Tədqiqatçılar tərəfindən hazırlanmış "WristEyesystem" adlanan bu sistem kompüter savadlılığı kurslarına qatılan tələbələrin rəftarlarını, reaksiyalarını və davranışlarını ayırd etmək və təhlil etmək üçün istifadə edilib. Bu məlumatlar böyüklərin ehtiyaclarına uyğun olaraq dərsləri və fəaliyyətləri tərtib etmək üçün istifadə edilmişdir. Müxtəlif təhsil mühitlərində geyilə bilən texnologiyaların potensialı tədqiqatçılar tərəfindən nəzərə alınmalıdır. Bu texnologiyalar vasitəsilə multimedia materialları tələbələrə təqdim oluna bilər. Geyinilə bilən texnologiyalar, çevrilmiş öyrənmə yanaşmasında tələbələrə kurs haqqında məlumat vermək üçün əhəmiyyətli potensiala malikdir.Ondan performans və həmyaşıdların qiymətləndirilməsində istifadə oluna bilər. Bundan əlavə, geyilə bilən texnologiyalar tələbələrə kontekstual imkanlar təqdim edə bilər ki, onlar lazım olduqda dəstək ala bilsinlər. [3] b) İstifadəçi məxfiliyinə önəm verilirmi? Geyinilə bilən texnologiyalar istifadəçilər və onların qarşılıqlı əlaqədə olduğu insanlar haqqında məlumatları qeyd edə bilən xüsusiyyətlərə malikdir. Bu vəziyyət xüsusilə istifadəçi nöqteyi-nəzərindən araşdırıldığında həm öz məlumatlarının qorunmasını, həm də başqalarının məxfiliyini pozmamasını təmin etməlidir. Geyinilə bilən texnologiyalar proqram şirkətləri tərəfindən hazırlanmış bir çox tətbiqi işlədə bilər. Bununla belə, bu şirkətlər ərizələrini pulsuz təqdim etmək müqabilində fərdlərdən istifadə hüququ müqaviləsini təsdiqləmələrini gözləyirlər. Tətbiqlərin sayının artması ilə istifadəçilər proqramların razılaşmalarını ətraflı araşdırmadan qəbul edirlər. Bu vəziyyət istifadəçi tərəfindən yaradılan məlumatların paylaşılması prosesində dəqiqliyi təhdid edir. Bir çox geyilə bilən texnologiyaların digərində yerləşdiyini tanımaq olduqca çətindir. Geyinilə bilən texnologiyalar ənənəvi zərgərlik və geyimlərlə eynidir. Bu texnologiyalara məruz qalan digər şəxslər üçün bəzi etik problemlər yarada biləcək şəkildə istehsal edilmişdir. İstifadəçilər digər şəxslərin əqli mülkiyyəti haqqında məlumatları dərhal qeyd edə, saxlaya və üçüncü tərəflərlə paylaşa bilərlər. İdeyaların geyilə bilən texnologiyalar vasitəsilə daha asan surətdə köçürülməsi və paylanması faktı əqli mülkiyyət üçün ən böyük təhlükə kimi görünür. Geyilə bilən texnologiyalara daxil ola bilən istifadəçilərlə bu texnologiyalara daxil ola bilməyən istifadəçilər arasında rəqəmsal uçurum arta bilər. [3] Özəlliklə də son maddə istifadəçilər tərəfindən toplu şəkildə etik pozğunluq halı kimi qəbul edilib boykot elan edildiyi təqdirdə öz paralelində sürətlə düşən satışlar və əmək bazarından anında itən bir peşənin olmasına gətirib çıxara bilər. Lakin unutmamaq da lazımdır ki, əmək bazarında bu tip fors-majorlar hər zaman və hər bir peşə üçün vardır.
  • Paylaşın

Rəylər

Rəy bildirin