12.jpg
Xarici dil

Yeni dil öyrənməyin 10 üstün cəhəti

Yeni dil öyrənmək

- İnsan doğulduğu gündən durmadan öyrənmə həvəsinə qapılır. Bəzi alqoritmləri biz qeyri-iradi olaraq həyata keçirtsək də, bir çox nəsnələri öyrənir və onları tətbiq etməyə, öyrəndiklərimizi paylaşmağa çalışırıq. Bir çoxları tərəfindən yanlış olaraq dil öyrənmə fitri istedad kimi təqdim edilsə də, praktiki təcrübə və araşdırmalar bunu göstərir ki, dil öyrənmə düzgün alqoritmik ardıcıllıq və öyrəndiklərimizi tətbiq etmə toplusudur. Mən dil mentoru Nərminə Nəzərli, bu bloq yazısında sizlər üçün dil öyrənmə və mentor sistemi haqqında bir sıra lazımi məlumatları paylaşmağa çalışacam. İlk olaraq qeyd edim ki, 20 yaşım var və 5 dil bilirəm. Bunlar Azərbaycan dili, rus dili, alman dili, ingilis dili, türk dilidir (osmanlıca da daxil olmaqla). Burada dillərin tam əsaslı öyrənilməsi, bütün bölmələr üzrə akademik bacarıqların olması nəzərdə tutulur. Bu haqda məlumat verərkən ən çox qarşılaşdığım vəziyyətlərdən biri isə "Niyə dil öyrənmək?" və "Bu qədər dili bir neçə il ərzində necə öyrənibsiz?" kimi suallar olur. Məsələnin mənim tərəfimdən əsas qismi dil öyrənmənin mənə verdiyi faydalar və düzgün metodika seçimi ilə bağlı idi. Əmin olun ki, düzgün metodu tapdığınızda bu yol məşəqqətli olduğu qədər də əyləncəlidir. Dünya üzərində 6700-dən daha çox dil olduğu müəyyən edilmişdir. Bəzi dillər sadəcə çox kiçik bir qrup insan tərəfindən istifadə edilərkən bu dillərin təqribən 5 %-dən istifadə edilir və bu maraqlı nəticə də bizə əslində bütün dilləri öyrənə bilməyəcəyimizi, bunun ən azından hazırda mümkünsüz olduğunu göstərir. Ancaq bununla belə əcdadlarımızın da dediyi kimi "Neçə dil öyrənsən, o qədər insansan" ifadəsi ilə yanaşsaq, ümumişlək dilləri öyrənməklə biz bir sıra faydalar əldə edə bilərik. Sırf bu məqam əslində bizim üçün ən tutarlı mövqelərdən biridir. Çünki əldə edəcəyimiz faydaları bilmək bizə tam da lazımi motivasiya və çalışma əzmini verəcəkdir. Elə isə gəlin cavab verək: "Nə üçün yeni dil öyrənmək lazımlıdır?

1) Yeni dil öyrənmək fərqli mədəniyyətlərlə tanış olmaq, fərqli baxış və düşüncə tərzlərini öyrənmək üçün əsaslı alətdir.

2) Yeni bir dil öyrənmək müxtəlif məlumat mənbələrinə çıxış imkanları demək, xarici media və ya internet resurslarından faydalanmaq üçün fürsətdir.

3) Yeni bir dil öyrənmək davamlı öyrəndiklərini paylaşma əzmində olan insana biliklərini ötürmək üçün şans və duyğu və düşüncələrini rahatlıqla ifadə edəcəyi məqamdır.

4) Yeni bir dil öyrənmək ünsiyyət vasitəsidir və fərqli mühitlərdə insana sosiallaşmaq üçün imkan verir.

5) Yeni bir dil öyrənmək beynimizin sürətli və operativ inkişafına səbəb olur, əqli düşüncə qabiliyyətimizin artmasına təkan verir.

6) Yeni bir dil öyrənmək həm də insanı yeni uğurlara motivasiya edir və öz daxilindəki gücə olan inamını artırır.

7) Digər tərəfdən yeni bir dil öyrənmək bizim ətraf mühitə baxış tərzimizin dəyişməsinə, yeni bilik mənbələrinə qovuşmaqla fərqli mədəniyyətləri qavrayıb sintez etməyimizə, xarakterimizin möhkəmlənməsinə səbəbiyyət verir.

8) Başqa bir baxışla yeni bir dil həm xaricə səyahət, həm də karyera inkişafı baxımından bizə kömək edir, mövcud mühit daxilində daha yaxşı fürsətlərə əlçatanlığımızı artırır.

9) Yeni bir dil öyrənmək potensial olaraq yaddaşımızın "diri qalmasına" kömək edir.

10) Yeni bir dil yeni bir insan deməkdir və bu davamlı bilik axtarışına sövq edərək yaşadığı müddət ərzində insanı bilgi marafonunun içində saxlayır və informasiya mübadiləsinin tərkib hissəsində qalmasını təmin edir.

Digər sualımız isə düzgün metodla bağlı idi ki, mənim ən böyük problemlərimdən biri uzun müddət bir dili öyrənərkən dəqiq hansı üsul və vasitələrdən istifadə ilə bağlı olubdur. Qeyd edim ki, bir çoxumuz burda sırf əziyyət çəkirik. Çünki yeni başlayırıq, hansı bölmədə hansı üsulları istifadə etməli olduğumuzu bilmirik, ya da bizim xarakterimizlə üst-üstə düşən dəqiq yolu tapmaqda çətinlik çəkirik. Bəzən məqsəd-motivasiya problemləri yaşayırıq ki, bu da həm zaman itkisinə, həm maddi xərclərin artmasına, həm də maraq səviyyəmizin düşməsinə səbəb olur. Bu cəhətdən mentorluq yararlana biləcəyimiz ən gözəl proqramlardan biridir. Çünki mən özüm ingilis dilini öyrənmək üçün çox uzun müddət sərf edərkən rus və ya alman dillərini öyrənmək üçün heç də çətinlik çəkməmişdim. Səbəb isə çox sadə idi, ingilis dilində etdiyim xətaları rahatlıqla gözdən keçirə bilmiş və özümə uyğun çalışma planımı, dil öyrənməni mənim üçün əsas əyləncəli qılan, motivasiyamı artıran məqamları artıq bilirdim. Mentorluq isə tam da bunu yerinə yetirir. Fərdin müəyyən məqamlarda düşəcəyi bütün çətinliklərinin əvvəlcədən aradan qaldırılmasını, şəxsə uyğun plan və proqramın hazırlanması, eləcə də əsas izləyənilməli yol xəritəsini verir ki, bu da həm mümkün itkilərin qarşısını alır, həm də ki maddi və mənəvi çəkilən problemlərin qarşısına sədd qoyaraq sizin üçün dil öyrənmə prosesinin rahatlaşmasına səbəbiyyət verir. Digər tərəfdən mentor artıq sizin xarakterinizlə bağlı müəyyən məlumatları əldə etməklə həm də dil öyrənmənin sizin üçün rasional və irrasional yönlərini ortaya qoyur, prosesi sürətləndirməklə yanaşı həm də daha maraqlı və effektiv olmasını təmin edir. Elə bu səbəbdəndir ki, artıq yavaş-yavaş dünya təcrübəsində yayılmağa başlayan dil öyrənmədə mentor xidməti praktiki olaraq insanların daha rahat və daha səmərəli üsullarla dil öyrənməsini təmin etməklə onlara dil öyrənmənin mümkün faydalarından istifadə etmək şansı yaradır. Biz də E-Braindesign Onlayn Akademiyası olaraq öz növbəmizdə bunu nəzərə aldıq və xarici dil üzrə "Mentor Proqramı" layihəsini yaratdıq. Qeydiyyat və ətraflı məlumat üçün buraya daxil ola bilərsiniz.
  • Paylaşın

Rəylər

Rəy bildirin